Böyük Azərbaycan Partiyası

29 oktyabr Türkiyənin Cümhuriyyət bayramı günüdür

Ötən əsrin 20-ci illərində dünyanın ən böyük səltənətlərindən biri olan Osmanlı dövləti baş verən tarixi proseslər nəticəsində paramparça olmaq təhlükəsi ilə üzbəüz qaldı. Belə çətin zamanda Mustafa Kamal Paşanın rəhbərliyi ilə Qurtuluş savaşından keçən Türkiyədə Cümhuriyyət elan olunması qərara alındı. Uzun əsrlər boyu çoxmillətli türk-islam monarxiyası şəklində varlığını yaşadan Türkiyə dövləti ölkə parlamentinin – Böyük Millət Məclisinin 29 oktyabr tarixli qərarı ilə həyatına respublika kimi davam etməyə başladı.

Cümhuriyyətin elanından sonra dövlətin ilk prezidenti seçilən Mustafa Kamal Atatürk Türkiyənin Osmanlı İmperiyasından yeni siyasi rejimə faktiki keçidini şərtləndirən genişmiqyaslı islahatlar həyata keçirdi. Artıq 102 ildir, 29 oktyabr Türkiyənin Cümhuriyyət bayramı kimi bütün ölkədə təntənə ilə qeyd olunur.

Böyük Azərbaycan Partiyası qardaş ölkənin Cümhuriyyət bayramını təbrik edir, Azərbaycan və Türkiyə dostluğunun, qardaşlığının daimi olmasını arzulayır.

BAP Mətbuat Xidməti