BAP bəyanat yaydı – XOCALI
Böyük Azərbaycan Partiyası Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb.
Bapaz.az bəyanatı təqdim edir:
“1992-ci il fevral ayının 26-da erməni silahlı dəstələri Rusiyanın 366-cı alayının fəal iştirakı ilə Xocalı şəhərində Azərbaycanlılara qarşı soyqırım törətdilər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günə qədər məlum deyil.
Ermənilərin həyata keçirdiyi bu vəhşiliklər insanlıq və bəşəriyyət əleyhinə törədilən cinayətlərdir. Ümumiyyətlə, bu illər ərzində ermənilər həm də tarixi abidələrimizi, qəbiritsanlıqları, yaşayış evlərini, sosial obyektləri, meşələri, bütövlükdə təbii sərvətlərimizi vəhşicəsinə məhv etmişlər.
Böyük Azərbaycan Partiyası 1992-ci il fevral ayının 26-da erməni silahlı dəstələri və Rusiyanın 366-cı alayının azərbaycanlılara qarşı bu hərəkətini soyqırım hesab edir və beynəlxalq aləmi bu insanlıq əleyhinə törədilmiş vəhşi cinayətə hüquqi qiymət verməyə çağırır”.