Böyük Azərbaycan Partiyası

BAP sədri Prezidentin Davosda verdiyi müsahibədən danışıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibə verib.

Mövzu ilə bağlı Böyük Azərbaycan Partiyasının (BAP) sədri, Milli Məclisin deputatı Elşad Musayev mətbuatın suallarını cavablandırıb:

“Ölkə başçısının Davosda verdiyi müsahibədə Avropa Parlamenti və Avropa Şurası ilə bağlı səsləndirdiyi tənqidi fikirlər xüsusi diqqət çəkdi. Məlumdur ki, Avropa Məhkəməsi uzun müddətdir Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir. Ermənistanla münasibətlərdə isə müəyyən normallaşma prosesi müşahidə olunur. Hazırda hərbi qarşıdurma yoxdur, lakin erməni tərəfinin davamlı iddiaları da gündəmdən tam çıxmayıb. Buna baxmayaraq, Avropa qurumlarının, xüsusilə Avropa Parlamentinin mövqeyi daha çox subyektiv və siyasi xarakter daşıyır. Qonşu ölkələrlə münasibətlər kontekstində Azərbaycanın əsas tərəfdaşlarından biri Gürcüstandır və iki ölkə arasında əlaqələr stabil və müsbət məcrada inkişaf edir. Türkiyə isə Azərbaycanın qardaş dövləti və əsas strateji müttəfiqidir, ikitərəfli münasibətlər yüksək səviyyədədir”.

Deputat əlavə edib ki, Ermənistanla əlaqələr son dövrlər normallaşma istiqamətində inkişaf etsə də, bu proses hələ tam formalaşmayıb və ehtiyatlı yanaşma tələb edir: “Rusiya ilə iqtisadi əməkdaşlıq davam edir, lakin siyasi münasibətlərdə müəyyən soyuqluq hiss olunur. İranla münasibətlərə gəldikdə isə, Azərbaycan regional proseslərdə neytral mövqe tutmuş, İran tərəfi ilə də qarşılıqlı hörmət prinsipləri əsasında münasibətlərin qorunmasına üstünlük vermişdir. Bu yanaşma Azərbaycanın balanslaşdırılmış və praqmatik xarici siyasət kursunun bariz nümunəsidir”. 

BAP Mətbuat Xidməti