Böyük Azərbaycan Partiyası

Deputat Elşad Musayev Kəlbəcər sakinlərini təbrik etdi

“Bildiyimiz kimi, Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib. 2020-ci il noyabrın 25-i isə Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb”

Bu sözləri mətbuata açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev bildirib.

Millət vəkili əlavə edib ki, Kəlbəcəri boşaldan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar:

“Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini  dünya birliyinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır”.

Deputat E. Musayev Kəlbəcərin işğaldan azad edilməsinin beşinci ildönümü münasibətilə hər kəsi təbrik edib: “Kəlbəcərin yeni inkişaf tarixi başlanıb. Artıq Nazirlər Kabineti tərəfindən “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib. Kəlbəcərin gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər sürətlə aparılır. Mən bütün Kəlbəcər sakinlərini, bütövlükdə Azərbaycan xalqını təbrik edirəm, zəfər günümüz mübarək olsun”.

BAP Mətbuat Xidməti