Böyük Azərbaycan Partiyası

Deputat Elşad Musayev Qubadlı sakinlərini təbrik etdi

“25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün ilk növbədə, yüksəkliklər götürülməli idi”

Bu sözləri mətbuata açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev bildirib.

Millət vəkili əlavə edib ki, Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi:

“Azərbaycan ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi”.

Deputat E. Musayev Qubadlının işğaldan azad edilməsinin beşinci ildönümü münasibətilə hər kəsi təbrik edib: “Qubadlının yeni inkişaf tarixi başlanıb. Artıq Nazirlər Kabineti tərəfindən “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib. Qubadlının gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər sürətlə aparılır. Mən bütün Qubadlı sakinlərini, bütövlükdə Azərbaycan xalqını təbrik edirəm, zəfər günümüz mübarək olsun”.

BAP Mətbuat Xidməti