Böyük Azərbaycan Partiyası

Elşad Musayev: “Bütün zəngilanlıları təbrik edirəm…”

“Bu gün Azərbaycan tarixinin şanlı səhifələrindən biridir, 5 il öncə oktyabrın 20-də Zəngilan şəhəri düşmən işğalından azad edildi, artıq orada bir neçə yaşayış layihəsinin icrası bitmək üzrədir, Zəngilan şəhərinin ilk sakinləri tezliklə doğma yuvalarına qayıdacaqlar”.

Bu sözləri mətbuata açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev bildirib.

Millət vəkili qeyd edib ki, Zəngilan şəhəri nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımında mühüm hadisədir:

“Ümumiyyətlə, Qarabağın işğaldan azad edilməsi və qısa zamanda yenidən qurulması, vətəndaşların ata-baba yurdlarına köçürülməsi, bütün bu işlərin görülməsi  Azərbaycan tarixinin ən önəmli şəhifələridir. 3 gün öncə – 17 oktyabrda Füzuli şəhərinin də işğaldan azad edildiyi tarixi qeyd etdik. Bu vaxta kimi Füzuliyə 824 ailə köçürülüb. Böyük Qayıdış Proqramının birinci mərhələsinə görə gələn ilin sonuna qədər 140 min insan Qarabağda və Şərqi Zəngəzurda yaşayacaq”.

Deputat E. Musayev hər kəsi təbrik edib: “Mən bütün zəngilanlıları, füzuliləri, bütövlükdə Azərbaycan xalqını təbrik edirəm, zəfər tariximiz, günümüz mübarək olsun”

BAP Mətbuat Xidməti