Elşad Musayev: “Həmin adamlar bir az da əhalimizin sağlamlığına ianə eləsinlər”
Məlum olduğu kimi 2026-cı ildə dövlət büdcəsindən İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsaitin əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə azaldılması nəzərdə tutulub. Belə ki, büdcədən Fonda 900 milyon manatın ayrılması planlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 516 milyon 405 min manat və ya 36.5 faiz azdır.
Ən əsası işləməyən şəxslər icbari tibbi sığorta sistemindən faydalanmaq üçün 2026-cı ilin yanvarın 1-dən minimum əməkhaqqının 48 faizi qədər ödəniş etməlidirlər.
Hazırda minimum aylıq əməkhaqqının 400 manat olmasını nəzərə aldıqda sözügedən məbləğ illik 192 manat təşkil edəcək.
Bu vəziyyət İTSF-yə ianələrin edilməsi məsələsini gündəmə gətirib.
Belə ki, ianlər hesabına işləməyən və digər kateqoriyadan olan insanların icbari tibbi sığorta xərcləri qarşılana bilər.
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri, Millət vəkili Elşad Musayev mətbuata açıqlamasında bildirdi ki, dövlət üzərinə düşəni edir:
“Amma görünən odur ki, bu da kifayət etmir. Belə məqamda ictimai dəstək önə çıxır. Dünyanın əksər ölkələrində xüsusi fondlar var ki, onlar sırf insanların sağlamlığı ilə bağlı layihələri maliyyələşdirirlər. Eyni zamanda, bu fondlar və imkanlı şəxslər icbari tibbi sığorta fondlarına ianə edirlər. Çox istərdik ki, bu ənənə bizdə də formalaşsın.
İmkanlı və xoş niyyətli insanlar İTSF-yə ianə etsinlər. Edilən ianələr hesabına çox problemi aradan qaldırmaq olar. Məsələn növbəti ildən işləməyən şəxslər 192 manat ödəniş etməlidir ki, il boyu icbari tibbi sığortadan faydalansınlar. Bax işsiz və imkansız insanların sosial müdafiəsi üçün ianələr böyük rol oynaya bilər.
Nəzərə alaq ki, yarıçılpaq şou-əhlinə o qədər sponsorluq etmək istəyənlər var ki… Nə olar ki, həmin adamlar bir az da əhalimizin sağlamlığına ianə eləsinlər”.
BAP Mətbuat Xidməti