Elşad Musayev: “İcra başçıları bilməlidirlər ki, prezident onlara xalqla işləməyi tapşırıb”
“Təbii ki, biz vətəndaşların şikayətlərini araşdırırıq. Bəzən olur ki, aidiyyəti üzrə müraciət edilmir. Yəni problemi həll edəcək qurum o olmur. Ancaq icra hakimiyyətlərinin əvvəlki səlahiyyətlərinin qalmadığını da demək lazımdır. Parlamentdə böyük şəhər bələdiyyəsi yaradılması təklif olundu. Mən də tərəfdarıyam ki, həm bələdiyyələrin funksionallığı artırılsın, həm də onların yerli icra hakimiyyətlərindən asılılığına son qoyulsun. Çünki icra başçıları bələdiyyə sədrlərinə təsir edirlər. Bu da müxtəlif qanun pozuntularına yol verilməsinə səbəb olur”
Bu sözləri mətbuata açıqlamasında Böyük Azərbaycan Partiyasının (BAP) sədri, Milli Məclisin deputatı Elşad Musayev deyib, millət vəkili bildirib ki, ayrı-ayrı rayonlarda məmur özbaşınalığı ilə bağlı tez-tez müraciətlər daxil olur:
“Əsasən də maliyyə xərclərinə nəzarət gücləndirilməlidir. Eyni zamanda, icra başçıları bilməlidirlər ki, prezident onlara xalqla işləməyi tapşırıb. Bunun üçün sakinlərlə görüşmək, onların problemlərini dinləmək lazımdır. Vətəndaş nə üçün adi bir problemə görə daha yüksək instansiyalara müraciət etmək məcburiyyətində qalmalıdır? Odur ki, bu təkliflərimiz nəzərə alınarsa, müsbət dəyişiklikləri müşahidə edə bilərik”.
BAP Mətbuat Xidməti