Elşad Musayev “Kurort Naftalan”ın açılışında iştirak edib
Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev “Kurort Naftalan”ın açılışında iştirak edib.
Tədbirə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, səhiyyə nazirinin müavini Rasim İsmayılov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, yerli icra hakimiyyətinin nümayəndələri və digər şəxslər qatılıblar.
Tədbir iştirakçılarına məlumat verilib ki, mərkəzin yataq korpusu müasir tələblərə uyğun yenidən qurulub, otaqlar yeni avadanlıqlarla təchiz edilib. Korpusda ümumilikdə 50 çarpayıdan ibarət 26 otaq vardır. Bundan əlavə, burada həkim, masaj və vanna otaqları, fizioterapiya kabinetləri və yeməkxana müalicə alanların xidmətindədir.
Sağlamlıq mərkəzinin müalicə korpusunda da şərait yaxşılaşdırılıb və müasir tibbi avadanlıqlarla təmin edilib. Korpusda müayinə, masaj, fizioterapiya, parafin terapiyası və karbon terapiyası otaqları, inqalyasiya bölməsi, idman zalı və müxtəlif profilli tibbi kabinetlər fəaliyyət göstərir.
Ərazidə infrastrukturun yenilənməsi işləri də aparılıb, daxili yollara yeni asfalt örtüyü salınıb. Sağlamlıq mərkəzi “Wi-Fi” internet, IP telefoniya və təhlükəsizlik kameraları ilə təmin edilib. Mərkəzin ərazisində ağac və bəzək kolları əkilib.
Qeyd edək ki, “Kurort Naftalan”ın müalicə bazası dayaq-hərəkət sistemi və dermatoloji xəstəliklərin müalicəsi üçün müasir – dördüncü nəsil tibbi avadanlıqlarla təmin olunmuş fizioterapiya xidmətlərini, həmçinin müalicəvi Naftalan nefti əsasında həyata keçirilən vanna prosedurlarını əhatə edir. Mərkəzin xidmətlərinə Naftalan vannaları, kombinə edilmiş Naftalan müalicə prosedurları, manual terapiya, parafin terapiyası, su-fizioterapiya (hidroterapiya), inqalyasiya və digər müalicə prosedurları daxildir.
Tədbir iştirakçıları sağlamlıq mərkəzində yaradılan şəraiti, müalicə və istirahət imkanlarını yüksək qiymətləndiriblər.
BAP Mətbuat Xidməti