Böyük Azərbaycan Partiyası

Elşad Musayev: “Quru sərhədlərin açılması vacibdir”

Azərbaycanda quru sərhədlərinin açılması məsələsi uzun müddətdir cəmiyyətin gündəmindən düşmür. Zaman-zaman bu məsələ ictimaiyyət arasında, müxtəlif platformalarda və yerli KİV-lərdə müzakirəyə çıxarılsa da, reallıq odur ki, ölkənin quru sərhədləri 2020-ci il fevralın 28-də bağlanıb və bu tarixdən indiyədək 5 il 9 ay, daha dəqiq desək, 2093 gün keçməsinə baxmayaraq, hər hansı bir müsbət dəyişiklik baş verməyib.

Son günlər yenidən Gürcüstan və Türkiyə ilə sərhədlərin mərhələli şəkildə və hətta təxminən bir ay ərzində açılacağı barədə iddialar ortaya atılıb. Lakin ictimai rəydə bu xəbərlərə şübhə ilə yanaşanların sayı daha çoxdur. Səbəb isə, yuxarıda qeyd etdiyimiz kimi, olduqca aydındır — pandemiyanın ilk illərindən bəri sərhədlərin açılacağına dair yayılan heç bir məlumat öz təsdiqini tapmayıb.

Mövzu ilə bağlı mətbuatın suallarını cavablandıran Böyük Azərbaycan Partiyasının sədri, millət vəkili Elşad Musayev bildirib ki, quru sərhədlərin açılması ilə bağlı cəmiyyətdə uzun müddətdir geniş müzakirələr gedir və mətbuatda da bu mövzu daim gündəmdədir. Onun sözlərinə görə, deputat həmkarlarının da bu barədə hökumət qarşısında mövqeyi olub: “Biz dəfələrlə əsaslandırmışıq ki, müxtəlif sahələrin, xüsusilə də turizmin inkişafı üçün quru sərhədlərin açılması vacibdir. Bütün nəqliyyat və keçid yollarının fəaliyyət göstərməsi iqtisadi dinamikanı gücləndirər.”

Deputat qeyd edib ki, hökumətin mövqeyi indiyədək təhlükəsizlik amili ilə bağlı olub: “Hökumət bildirirdi ki, hələ təhlükə tam sovuşmayıb. Ermənistanla münasibətlər müəyyən qədər normallaşsa da, bütövlükdə bölgədə risklər qalır. Əvvəllər pandemiya məsələsi gündəmdə idi. Ötən il parlamentin payız sessiyasının açılışında Prezident də vurğulamışdı ki, quru sərhədləri tam açıq olsaydı, Azərbaycan üçün müəyyən təhlükələr yarana bilərdi.”

Elşad Musayev hesab edir ki, artıq böyük mənada bu təhlükələr aradan qalxıb: “Düşünürəm ki, risklər əvvəlki kimi ciddi deyil. Amma təbii ki, hökumətin əlində daha geniş informasiya var və qərarlar da həmin məlumatlara əsasən verilir. Ümumiyyətlə, quru sərhədlərin açılması həm vətəndaşların rahatlığı, həm də iqtisadi sahələrin inkişafı baxımından müsbət təsir göstərə bilər. Lakin görünür ki, təhlükələr tam aradan qalxmadığı üçün məsələ hələlik açıq qalır”.

BAP Mətbuat Xidməti