Elşad Musayev: “Rusiya təyyarəmizi vurdu, Xarkovda konsulluğu, Kiyevdə səfirliyimizi hədəf aldı”
Azərbaycan Kiyevdəki səfirliyinin Rusiya tərəfindən atəşə tutulmasını qeyri-dost addım kimi qəbul edir. Xəbər verildiyi kimi, bunu ötən həftəsonu Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələr zamanı söyləyib. Prezident vurğulayıb ki, nəinki Azərbaycanın Ukraynada enerji infrastrukturuna zərbələr endirilib, ölkəmizin Ukraynadakı səfirliyinə 3 dəfə zərbə olub: “Birinci hücuma gəldikdə elə bilirdik, bu, təsadüfi olub. Daha sonra Rusiya tərəfinə Azərbaycanın diplomatik nümayəndəliklərinin, konsulluq şöbəsinin, mədəni mərkəzin, səfirliyin koordinatlarını verdik. Ondan sonra iki hücum oldu. Bu, Azərbaycanın diplomatik nümayəndəliklərinə bilərəkdən hücumdur”.

Qeyd edək ki, elə həmin gün Rusiya XİN-i bu fikirlərə etiraz edərək, günahı növbəti dəfə Ukrayna tərəfinin üstünə atıb. Prezidentin Münxendə Rusiyaya ünvanlı bu narazılığı xatırlatması nəyin ismarışıdır? Hazırda ikitərəfli münasibətlərdə gəldiyimiz nöqtə hansıdır? AZAL təyyarəsi ilə bağlı səhifə bağlanmış sayıla bilərmi?
Yada salaq ki, 2022-ci il fevralın 22-də – Ukraynaya hərbi təcavüzün başlamasına iki gün qalmış Azərbaycan və Rusiya liderləri strateji müttəfiqliyə dair bəyannamə imzaladı. Lakin müharibənin gedişində “müttəfiq” Rusiya Qroznıda təyyarəmizi, Kiyevdə səfirliyimizi raketlə vurdu.
Müttəfiqlik beləmi olur? Moskva bəyannaməsi pozula, yaxud qüvvədən salına bilərmi?
Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev mətbuata bildirib ki, təyyarəmizin də qəsdən vurulduğu qənaətindədir. Onun sözlərinə görə, bu fikri ilk söyləyənlərdən olub: “Rusiya Azərbaycanın müstəqil siyasətini həzm edə bilmir. Bütün bu hücumlar da təzyiq məqsədi daşıyıb. Moskva Bakını öz yanında görmək istəyir. Ancaq onun diktəsi ilə hərəkət etmək bir öhdəliyimiz yoxdur. Azərbaycanın milli maraqları nəyi tələb edirsə, dövlət siyasətimiz onu reallaşdırır. Azərbaycan Rusiyanın maraqlarını ifadə etmək niyyətində deyil. Ona görə də Rusiya təyyarəmizi vurdu, Xarkovda konsulluğu, Kiyevdə səfirliyimizi hədəf aldı. Bu addımlar cinayətdir və Azərbaycanın Cənubi Qafqazda tutduğu mövqe Kremli qane etməməsindən irəli gəlir”.
Elşad Musayev hesab edir ki, Azərbaycan Prezidenti yerində deyib və həqiqəti söyləyib: “Bu da siyasi münasibətlərin göstəricisidir. Rusiya tələblərimizi yerinə yetirmək əvəzinə səfirliyimizə raket atmaqla gərginliyi daha da artırmışdı. Hazırda əlaqələrin normallaşması üçün qarşı tərəfin addım atması lazımdır”.
BAP Mətbuat Xidməti