Prezidentdən Rusiyaya mühüm mesaj – Elşad Musayev “pərdəarxası” məqamlardan danışdı
Azərbaycan Prezidenti İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə çıxışı zamanı beynəlxalq münasibətlər və regional təhlükəsizlik məsələlərinə toxunaraq, Ukrayna, Moldova və Gürcüstan ərazilərində separatçı ocaqların hələ də mövcud olduğunu bildirib. Dövlət başçısı Ermənistanın işğal siyasətinə göstərilən xarici dəstəkdən, qeyri-qanuni silahlanmadan və separatçı rejimlərin maliyyələşdirilməsindən danışaraq Azərbaycanın bu təzyiqlərə baxmayaraq İkinci Qarabağ müharibəsində qələbə qazandığını vurğulayıb.
Prezidentin səsləndirdiyi fikirlər göstərir ki, separatizm yalnız regional deyil, qlobal təhlükəsizlik problemi olaraq qalır və bəzi hallarda beynəlxalq ikili standartlarla qorunur. Azərbaycan nümunəsi sübut etdi ki, güclü siyasi iradə və milli birlik xarici dəstəyə baxmayaraq ədalətin bərpa olunmasına imkan verir. Bu reallıqların cəmiyyətə və gənc nəslə düzgün çatdırılması strateji əhəmiyyət daşıyır.
Məsələ ilə bağlı Böyük Azərbaycan Partiyasının (BAP) sədri Milli Məclisin deputatı Elşad Musayev ölkə liderinin səsləndirdiyi fikirlər barədə mətbuata açıqlamasında deyib ki, Azərbaycan separatizmin öhdəsindən gəlməklə sübut etdi ki, imperiya siyasəti və işğal yolu ilə deyil, suverenlik və qətiyyətlə problemləri həll etmək mümkündür:
“Azərbaycan Prezidenti Ağdamda çıxışı zamanı bir sıra mühüm məsələlərə toxundu. Eyni zamanda Ukrayna, Moldova və Gürcüstan ərazilərində separatçı yuvaların hələ də mövcud qalması ilə bağlı fikirlər səsləndirdi. Hesab edirəm ki, bu, təsadüfi deyil. Əslinə baxanda, biz eyni aqibəti yaşamışıq. Ukrayna, Moldova və Gürcüstan kimi, Azərbaycanın da ərazisində separatizm mövcud idi, separatçı yuvalar vardı və bundan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə olunurdu.
Qeyd olunan ölkələr içərisində məhz Azərbaycan bu problemin öhdəsindən böyük mənada gələ bildi. Bu gün nümunə kimi Azərbaycan göstərilir. Təbii ki, Azərbaycan Prezidentinin, eləcə də onun bu məsələlərlə bağlı mövqeyi çox ciddi qarşılanır”.
Elşad Musayev qeyd edib ki, separatçı yuvaları saxlayan əsas aktor Rusiya olub və bu, tendensiyaya Gürcüstan, Ukrayna, Moldova ərazisində də rast gəlinir: “Ukrayna ərazisinin təqribən 20 faizə yaxını işğal olunub. Moldovada Dnestryanı bölgə saxlanılır. Gürcüstanda isə Abxaziya və Cənubi Osetiya separatçı yuvalarına çevrilib və bu vəziyyət uzun illərdir davam edir. Gürcüstan dövləti həmin ərazilərdə vəziyyəti hələ də tam şəkildə düzəldə bilmir.
Hesab edirəm ki, Azərbaycan Prezidentinin bu mövqeyi həm də bir mesajdır. Mesaj ondan ibarətdir ki, hər kəs öz yükünü götürməlidir. Bu, eyni zamanda Rusiyaya ünvanlanmış bir ismarış kimi də qiymətləndirilməlidir. Rusiya bu cür siyasətdən əl çəkməlidir – ətraf ölkələri işğal etmək, işğal altında saxlamaq, təsir dairəsində saxlamaq və ya onları öz ərazisinə birləşdirmək kimi imperiya düşüncəli addımlardan imtina etməlidir.
Təəssüflər olsun ki, Rusiya bu addımlardan əl çəkmir və hələ də köhnə siyasətini davam etdirir. Belə olan halda isə ətraf bölgələr bundan əziyyət çəkir. Eyni zamanda Rusiya özü də bundan xeyir qazanmır. Bir yol budur ki, Rusiya qarşılıqlı əməkdaşlıq şəraitində bu ölkələrlə əlaqə qursun, özü də inkişaf etsin, qonşu ölkələr də inkişaf etsin, öz ərazisində və ətraf bölgələrdə demokratiyanın olmasında, insanların insan kimi yaşamasında maraqlı olsun. Digər yol isə “vur, tut, qəsb et” siyasəti aparmaq, işğal altında saxlamaq öldürməkdir. Təəssüflər olsun ki, hazırda Rusiyada üstünlük təşkil edən məhz bu siyasətdir. Ona görə də Prezidentin səsləndirdiyi mövqe bu və ya digər formada Rusiya tərəfindən mesaj kimi qəbul olunur və qəbul ediləcək”.
BAP Mətbuat Xidməti