Elşad Musayev: "Azərbaycanla Türkiyə qardaş ölkədir və münasibətlərin gərginləşməsi hər iki ölkənin milli maraqlarına uyğun deyi"
Azərbaycan-Türkiyə münasibətləri bir daha həssas sınaq qarşısındadır. İki ölkə arasında tarixi, milli və mədəni bağlarla yanaşı, strateji müttəfiqlik və qarşılıqlı siyasi etimada əsaslanan münasibətlər mövcud olsa da, son günlər yaşanan hadisələr göstərdi ki, ayrı-ayrı şəxslərin açıqlamaları belə bu münasibətlər ətrafında ciddi müzakirələrə səbəb ola bilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günlərdə vəzifəsindən azad olunan baş müşaviri Oktay Saralın Azərbaycanda hicab və məktəblilərin geyim qaydaları ilə bağlı səsləndirdiyi fikirlərdən sonra yaranan narazılıq artıq sosial şəbəkələrin hüdudlarını aşaraq siyasi müstəviyə keçib.
Hadisələrin fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın vəzifəsindən ayrılması isə diqqətləri Ankaranın atdığı addımın siyasi mənasına yönəldib.
Saralın öz açıqlamasında vəzifədən ayrılmasının Prezident Ərdoğanın göstərişi ilə baş verdiyini təsdiqləməsi və bunun Azərbaycanla bağlı fikirləri ətrafında müzakirələrin getdiyi dövrə təsadüf etməsi müxtəlif şərhlərə yol açıb.
Bu hadisə Ankaradan Bakıya verilən siyasi mesaj kimi dəyərləndirilə bilərmi? Türkiyədə bəzi siyasi dairələrin Azərbaycanla bağlı sərt çıxışları iki ölkə arasında etimad mühitinə necə təsir göstərir və gələcəkdə oxşar halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Böyük Azərbaycan Partiyasının (BAP) sədri, millət vəkili Elşad Musayev Azərbaycan-Türkiyə münasibətlərində son günlərdə yaranan gərginliyə münasibət bildirib.

Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarından sonra Azərbaycana qarşı qara kampaniya başladıldığını deyib.
Deputatın sözlərinə görə, kampaniyada qardaş Türkiyənin müxtəlif kateqoriyalı şəxsləri də iştirak edib: “Bunların içərisində Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın olması təəssüf və təəccüb doğurdu. Biz mövqeyimizi bildirdik. Azərbaycanla Türkiyə qardaş ölkədir və münasibətlərin gərginləşməsi hər iki ölkənin milli maraqlarına uyğun deyil.”
E.Musayev gərginlikdən istifadə etmək istəyən kənar qüvvələrin olduğunu, Türkiyənin daxilində isə türkçülüyə düşmən marginal qrupların fürsətdən yararlanmağa çalışdığını bildirib. O, bəzilərinin real vəziyyəti bilmədən “başörtüsü problemi var” deyərək məsələyə müdaxilə etdiyini qeyd edib. Bunun Azərbaycan cəmiyyətində ciddi narazılıq yaratdığını və Azərbaycan tərəfinin sərt reaksiyasına səbəb olduğunu deyib.
Deputat vurğulayıb ki, Azərbaycanda bütün dini qurumlara tam azadlıq verilib və başörtüsü qadağası yoxdur: “Orta məktəblərdə isə Nazirlər Kabinetinin qəbul etdiyi qərar icra edilməlidir. Şagirdlərin də, müəllimlərin də geyim forması var, hamı buna əməl etməlidir.” O əlavə edib ki, Azərbaycanın vəziyyəti nə Türkiyənin, nə də başqa ölkənin vəziyyəti ilə eyni deyil və milli təhlükəsizliyə müxtəlif istiqamətlərdən ciddi təhdid var.
E.Musayev Türkiyə tərəfinə etirazlarını da çatdırdıqlarını bildirib. Onun sözlərinə görə, İran və digər ölkələrdə qız uşaqlarına qarşı ayrı-seçkiliyə səs çıxarmayanlar Azərbaycanla bağlı səs-küy yaradıb. Deputat bunun siyasi təşkilatların və hökumətin mövqeyi ilə üst-üstə düşdüyünü qeyd edib.
Gərgin vəziyyətdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevə zəng etməsini müsbət qiymətləndirən E.Musayev bildirib ki, Ərdoğan həm də Türkiyədə keçirilən tədbirə dəvət edib, məsləhətləşmələr aparılıb. Oktay Saralın istefası ilə bağlı isə deyib: “Onun Türkiyədə bir jurnalistə verdiyi məlumata görə, istefanın səbəbi bu məsələ olub. Bu, çox doğru qərardır və hamı bilməlidir ki, Azərbaycanın daxili işinə müdaxiləyə yol verilməz.”
Deputat Türkiyədən Devlet Bahçeli və Ümit Özdağın Azərbaycanın daxili işinə qarışmamaq mövqeyini təqdir etdiyini, bəzi jurnalist, siyasətçi, təhlilçi və akademiklərin isə Azərbaycanın real daxili vəziyyətini bilmədən populist çıxışlar etdiyini bildirib. Onun fikrincə, bundan sonra münasibətlərdə buzların əridilməsi istiqamətində addımlar atılacaq: “Münasibətlərin kəskinləşməsinə yol vermək olmaz. Azərbaycan və Türkiyə qardaş ölkələrdir, problemlərimizin birgə həlli və dost-qardaş münasibətinin davamı hər iki ölkənin marağındadır.”