Elşad Musayev: “İşğaldan azad olunmuş Ağdam erməni vandalizminin şahididir”
Bu gün Ağdam rayonunun işğaldan azad edildiyi gündür.
Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev bildirib ki, Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdi. Bu gün isə Ağdam yenidən qurulur:
“Digər ərazilərimizdə olduğu kimi, Ağdamda da geniş tikinti-quruculuq işləri həyata keçirilir. Rayonda iqtisadiyyatın, yerli istehsalın inkişafı məqsədilə icra olunan layihələrdən biri Ağdam Sənaye Parkıdır. Parkın yaradılmasında məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.
Digər tərəfdən, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, Ağdam Muğam Mərkəzi artıq başa çatdırılmış böyük layihələrdir. Görülən bərpa və yenidənqurma işləri çərçivəsində bu bölgədə turizm infrastrukturunun formalaşdırılması da əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu məqsədlə müasir tələblərə cavab verən hotel və mehmanxana komplekslərinin tikintisi həyata keçirilir, turizm potensialının reallaşdırılması üçün zəruri şərait yaradılır.
Ağdamın zirvələrində üçrəngli bayrağımızı ucaldan şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirəm. Onların hər biri bizim qürur mənbəyimizdir. Qazilərimizə Tanrıdan şəfa, cansağlığı diləyirəm” – deyə deputat bildirib.
BAP Mətbuat Xidməti