Minimum pensiya alanların sayı niyə azalır? - Deputatdan açıqlama
Azərbaycanda minimum məbləğdə əmək pensiyası alanların sayı bir ildə 21 775 nəfər və ya 63 faiz azalıb. Bu barədə Dövlət Statistika Komitəsi anews.az-ın sorğusuna cavab olaraq bildirib.
2026-cı il iyulun 1-nə ölkədə minimum məbləğdə əmək pensiyası alanların sayı 12 794 nəfər olub. 2025-ci il iyulun 1-də isə bu göstərici 34 569 nəfər təşkil edib.
Kateqoriyalar üzrə ən böyük azalma əlilliyə görə minimum pensiya alanlar arasında qeydə alınıb. Onların sayı bir ildə 1 176 nəfərdən 363 nəfərə düşüb. Bu, 69,1% azalma deməkdir.
Yaşa görə minimum pensiya alanların sayı 31 722 nəfərdən 11 799 nəfərə, ailə başçısını itirməyə görə minimum pensiya alanların sayı isə 1 671 nəfərdən 632 nəfərə enib.
Hazırda Azərbaycanda minimum əmək pensiyası 320 manatdır. Bu məbləğ 2025-ci il fevralın 1-dən 280 manatdan 320 manata qaldırılıb. 2026-cı il yanvarın 1-dən isə pensiyalar 9,3 faiz indeksləşdirilib.
Minimum pensiya alanların sayı niyə azalır?
Milli Məclisin əmək və sosial müdafiə komitəsinin sədr müavini Elşad Musayev əsas səbəblərdən birinin pensiyaların artması olduğunu bildirib.
“Minimum pensiya alanların sayının sürətlə azalmasının əsas izahlarından biri ondan ibarətdir ki, pensiya məbləği artdıqca minimum pensiya alanların bir hissəsi artıq 320 manatdan yuxarı pensiya almağa başlayır. Onda da təbii ki, 320 manatdan yuxarı pensiya alırsa, artıq o minimum pensiya alanlar siyahısından çıxır, digər kateqoriyaya aid olunur”.
Deputat Elşad Musayev yaşa görə sosial müavinət alanların sayının artmasını da qeyd edərək bu ödənişin məbləğinin artırılmasının vacibliyini bildirib.
“Hazırda sosial müavinətin məbləği 220 manatdır. Yaşa görə sosial müavinət əmək pensiyası hüququ yaranmayan, lakin müəyyən yaş həddinə çatmış və işləməyən şəxslərə verilir ki, bu da qeyd elədik, 220 manatdır”, – deputat deyib.
BAP MX