Elşad Musayev: “Bu gün Laçın şəhəri yeni inkişaf dövrünü yaşayır”
1930-cu ildə inzibati ərazi vahidi statusu alan Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra (1992-ci il mayın 18-də) 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Mövzu ilə bağlı Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad musayev bildirib ki, bu gün genişmiqyaslı quruculuq işləri Laçını yenidən canlandırır:
“26 avqust Laçın şəhəri günüdür. Bu gün Laçın rayonu yeni inkiçaf dövrünü yaşayır. Rayonun enerji potensialı gücləndirilir, yol-nəqliyyat infrastrukturu yenilənir və genişləndirilir. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artırır. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Bütövlükdə Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib.
Laçın rayonunda heyvandarlığın inkişafı üçün böyük imkanlar var. Laçın rayonunda yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb, digər ailələrin köçürülməsi və onlar üçün də eyni şəraitin yaradılması nəzərdə tutulub”.
BAP Mətbuat Xidməti