MEDİA 12.06.2026 | 12:09

Elşad Musayev: “Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan tarixi münasibətlərinin yeni mərhələsidir”

BAP BAP Rəsmi İnformasiya Portalı
Paylaş:

“4 il öncə – 2021-ci ilin 15 iyun tarixində Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış Şuşa Bəyannaməsi həm iki ölkənin qardaşlığını bütün dünyaya bildirən bir mesaj oldu, həm də ölkələr arasında tarixi münasibətlərin yeni mərhələsinə qədəm qoydu”

Bu sözləri bapaz.az-a bildirən Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev deyib. O, qeyd edib ki, Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır.

“Bəyannamə Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün sahələrini əhatə edir. Buraya əsasən də beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu daxildir. Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanaraq regionda yeni reallıqlar yaratdı. Bu reallıqlardan biri Bəyannamədə də qeyd edilən Zəngəzur dəhlizidir. Bu dəhliz Mərkəzi Asiya ilə Avropa arasındakı ticarəti genişləndirməklə yanaşı, siyasi əlaqələri də artırır və bu əlaqələrin formalaşmasında Türkiyə ilə Azərbaycan aparıcı rol oynayır. Orta Dəhlizin yeni nəfəsi olan Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi uğurla həyata keçirilir. Həmin dəmir yolu layihəsi muxtar respublikanın nəqliyyat və iqtisadi potensialını artıracaq, eyni zamanda, beynəlxalq ticarətə yeni imkanlar yaradacaq. Zəngəzur dəhlizinin tərkib hissəsi olan Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti təkcə Türkiyə və Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirmir, eyni zamanda daha qlobal xarakter daşıyır və Avropa ilə Asiyanın ticarət əlaqələri üçün olduqca əlverişlidir”.

Millət vəkili E. Musayev həmçinin bildirib ki, bu Bəyannamə Ermənistandakı revanşist qüvvələrə mühüm ismarışdır.

“Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır”.

BAP Mətbuat Xidməti

Tövsiyə olunanlar

Digər partiya xəbərləri