MEDİA 03.07.2026 | 18:28

Elşad Musayev: "Regionda sülhün olması hər kəsin marağındadır"

BAP BAP Rəsmi İnformasiya Portalı
Paylaş:

Son dövrlər Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası ilə Azərbaycan hökuməti arasında gərgin münasibətlər müşahidə olunur. Bu da ilk növbədə həmin qurumların Azərbaycana qarşı ikili standartdan yanaşması nəticəsində baş verir.

Bapaz.az xəbər verir ki, bu sözləri millət vəkili Elşad Musayev deyib. Deputat bildirib ki, Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasını bəzən qarışdırırlar, amma bunlar tamamilə fərqli qurumlardır.

“Belə ki, Avropa Parlamenti Avropa İttifaqının qanunverici orqanıdır. Avropa İttifaqının qanunlarını qəbul etmək, büdcəni təsdiqləmək, beynəlxalq sazişləri təsdiqləmək və s. kimi səlahiyyətlərə malikdir. Avropa Parlamentində Avropa İttifaqına üzv olan 27 ölkənin vətəndaşlarının seçdiyi deputatlar təmsil olunur və nəzərə alaq ki, Avropa Parlamentində Azərbaycan təmsil olunmur. Çünki Azərbaycan Avropa İttifaqının üzvü deyil. Buna görə də Azərbaycan ilə bağlı onların qəbul etdiyi qətnamələrin Azərbaycana heç bir aidiyyatı yoxdur.

Avropa Şurası Parlament Assambleyası isə Avropa Şurasının parlament qanadıdır. Daha çox insan hüquqlarının qorunması, demokratiyanın inkişafı, seçkilərin müşahidəsi, müəyyən manitorinqlərin aparılması kimi məsələlər ilə bağlı müşahidələr aparır. Qısaca desək, Avropa Şurası Parlament Assambleyası Avropa Parlamentindən fərqli olaraq qanun qəbul etmir, o, yalnız qətnamələr qəbul edir.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Avropa İttifaqının özündə qanunverici orqan Avropa Parlamentidir, eyni zamanda nəzərə alaq ki, Avropa İttifaqının rəsmi icraedici orqanları Avropa komissiyası və Avropa İttifaqı Şurasıdır.

Bu qurumları Avropa Parlamentindən ayırmaq lazımdır, çünki bunlar yeri gələndə mövqelərində də fərqli olurlar.

1 iyul 2026-cı il tarixdə Azərbaycan Prezidenti Avropa Komissiyası prezidentini qəbul etdi və bu görüşdə cənab prezidentin çıxışı oldu, bir sıra məsələlərə toxundu, açıqlamalar verdi və Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlərin çox mühüm bir mərhələdə olduğunu vurğuladı.

Bilirsiniz ki, Avropa İttifaqına daxil olan 10 ölkə ilə Azərbaycanın enerji resursları ilə bağlı strateji əməkdaşlığı var. Eyni zamanda, o da qeyd olundu ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycan ticarətinin 40 faizdən çoxu Avropa İttifaqına üzv olan ölkələrlə aparılır. Bu çox böyük rəqəmdir. Onu da bildirək ki, cənubi Qafqazda ticarətin təxminən 70 faizi Azərbaycan ilə aparılır. Belə baxanda bölgədə Azərbaycan Avropa İttifaqı üçün əsas tərəfdaşdır.

Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin yaxşılaşması üçün təbii ki, xeyli işlər görülüb. Cənub Qaz Dəhlizi birgə fəaliyyətin gözəl nümunəsidir. Bu da 3500 km-lik vahid boru kəməri sistemləri ilə Azərbaycan qazının Avropa nəqlində əsas arteriya hesab olunur. Bundan sonrakı dövrdə Avropa daha çox enerji resursları almaq istəyir. Burada da əməkdaşlıq yüksək həddə olmalıdır ki, Azərbaycan qazı daha çox çatdırılsın.

Sözügedən görüşdə regional təhlükəsizlik məsələləri də müzakirə olundu. Hər iki tərəf Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşmasına yüksək qiymət verdilər. Hesab edirəm ki, bölgədə artıq sülh olmaldır. Bunu Azərbaycan da, Avropa İttifaqına daxil olan ölkələr də istəyir, eyni zamanda bu, Ermənistanın da marağıdır”.

BAP Mətbuat Xidməti

Tövsiyə olunanlar

Digər partiya xəbərləri