Elşad Musayev: “Məqsəd İKT ixracının artırılması və Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsidir”
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” qarşıdakı üç il ərzində ölkənin texnoloji inkişafını təmin edəcək kompleks tədbirləri və strateji hədəfləri müəyyən edir.
Fəaliyyət Planının əsas hədəfləri dövlət idarəetməsinin optimallaşdırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yüksəldilməsi və iqtisadiyyatın rəqəmsal sektorunun ÜDM-də payının artırılmasıdır. Bununla da, rəqəmsal inkişaf sahəsində strateji baxış, prioritetlər və icra mexanizmləri vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilir. Fəaliyyət Planı rəqəmsallaşma, süni intellekt, innovasiya ekosisteminin inkişafı və kibertəhlükəsizlik olmaqla dörd əsas istiqamət üzrə qurulub. Sənədin icrasını dəstəkləyən əsas amillər kimi infrastruktur, tənzimləmə, insan kapitalı və idarəetmə istiqamətləri müəyyən edilib.
29 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. İclasa Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sədrlik edib və aşağıdakı məsələlər müzakirə edilib:
“Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icra vəziyyəti
Rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları
Təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər
Şuranın sədri Mehriban Əliyeva bildirib ki, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası Şuranın əsas fəaliyyət istiqamətidir. O qeyd edib ki, Şuranın prioritetləri dövlət idarəçiliyində rəqəmsallaşmanın, süni intellektin, kibertəhlükəsizliyin və innovasiya ekosisteminin inkişafı, eləcə də investisiyaların və startapların dəstəklənməsidir. Mehriban Əliyeva süni intellektin strateji əhəmiyyətini vurğulayaraq, bütün qərarların Azərbaycanın milli maraqlarına uyğun qəbul edilməsinin vacibliyini bildirib.
Milli Məclisin deputatı Elşad Musayev mövzu ilə bağlı açıqlamasında qeyd edib ki, bu gün dövlət qurumları üzrə Yol xəritələrinin hazırlanması, Milli Məlumat Hövzəsinin yaradılması, dövlət informasiya sistemlərinin hökumət buluduna miqrasiyası, “mygov” platformasının genişləndirilməsi, süni intellekt həllərinin tətbiqi və milli kibertəhlükəsizlik infrastrukturunun formalaşdırılması istiqamətində işlər uğurla davam etdirilir.
“Bugün vətəndaş və bizneslər dövlət xidmətlərinə çıxış üçün mobil telefonunda bir neçə mobil tətbiqdən istifadə edir. Bəzən xidmətləri hansı tətbiqdən alacağını müəyyən etməkdə çətinlik çəkir. Vətəndaşlara münasibətdə dövlət xidmətlərinin təqdim edilməsində əsas hədəf pərakəndəliyin aradan qaldırılması və vahid mərkəzləşdirilmiş ekosistemə keçiddir. Bu məqsədlə bütün rəqəmsal dövlət xidmətləri və elektron sənədlər vətəndaşlar üçün “mygov”, sahibkarlar üçün isə “mygov Biznes” platformaları vasitəsilə təqdim olunacaq. Artıq bu prosesə başlanılmışdır. Qısa müddət ərzində “e-Sosial”, “e-Təbib” və “e-Su” tətbiqləri tam şəkildə platformaya inteqrasiya olunub. Bundan əlavə, “e-Polis”, “Mobil Notariat”, “Azərişıq”, “Reseptim”, “e-Səhiyyə”, “MigAz” və “ASAN Müraciət” tətbiqlərinin bir çox xidmətləri artıq inteqrasiya edilib və ilin sonunadək onların bütün xidmətlərinin tam şəkildə “mygov” üzərindən təqdim edilməsi planlaşdırılır.
Digər strateji istiqamət innovasiya ekosisteminin maliyyə dayanıqlığının gücləndirilməsi, İKT ixracının artırılması və Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsidir. Müasir texnologiyaların, xüsusilə süni intellektin dövlət idarəçiliyinə və cəmiyyət həyatına inteqrasiyası Fəaliyyət Planının əsas strateji prioritetlərindən biridir. Bu istiqamətdə yüksəksəviyyəli hesablama infrastrukturunun qurulması, dövlət xidmətlərinin süni intellekt əsaslı həllərlə təkmilləşdirilməsi və süni intellektin milli strateji prioritet kimi inkişaf etdirilməsi nəzərdə tutulur.
Rəqəmsal transformasiyanın davamlı və etibarlı şəkildə həyata keçirilməsi üçün kibertəhlükəsizliyin gücləndirilməsi Fəaliyyət Planının əsas prioritetlərindən biridir. Artan rəqəmsallaşma və qlobal kiberhücumlar fonunda məqsəd dövlətin, biznesin və vətəndaşların rəqəmsal mühitdə təhlükəsizliyini təmin edən müasir və dayanıqlı milli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılmasıdır. Ölkənin bütün təhsil müəssisələri vahid təhlükəsiz internet şəbəkəsi ilə təmin edilib. Son beş il ərzində məktəblərə 235 mindən çox kompüter paylanılıb. Bir kompüterə düşən şagird sayı 32:1-dən 6:1-ə endirilib. Təhsil müəssisələrində internet trafiki 4,7 dəfə artaraq saniyədə 47 Gbit-ə çatdırılıb. 900 mindən çox istifadəçini əhatə edən platforma şagirdləri, müəllimləri, məktəb rəhbərliyini və valideynləri vahid mühitdə birləşdirir. Hazırda Bakıda 354 məktəbi əhatə edir; 2026–2027-ci tədris ilindən 400-dən çox region məktəbinə genişləndiriləcək” – deyə millət vəkili bildirib.
BAP Mətbuat Xidməti