MEDİA 14.07.2026 | 14:59

Elşad Musayev: "Prezidentin forumdakı çıxışı yüksək səviyyədə alınıb"

BAP BAP Rəsmi İnformasiya Portalı
Paylaş:

Azərbaycan Prezidenti İlham Əliyev 4-cü Şuşa Qlobal Media Forumunda iştirak edib.

Mövzu ilə bağlı Bapaz.az olaraq Milli Məclisin deputatı Elşad Musayevin fikirlərini öyrəndik.

Deputat bu forumun əhəmiyyətli hadisə olduğunu bildirdi:

“Məlum olduğu kimi, Şuşada 4-cü Qlobal Media Forumu keçirildi. Forum demək olar ki, tam beynəlxalq xarakter daşıyır. İştirakçıların sayı da əvvəlki forumlara nisbətən daha çoxdur. 53 ölkədən 106 qonaq, o cümlədən, 30-dan çox xəbər agentliyi nümayəndəsi, 60-dan artıq media qurumları, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat iştirak edirdi.

Qlobal Media Forumda Azərbaycan prezidenti ölkəni, regionu və dünyanı maraqlandıran bir sıra suallara cavab verdi. Qısaca olaraq bunlarla bağlı biz də öz mövqeyimizi bildirək ki, bütün bunlar diqqətə alınmalı olan əhəmiyyətli məsələlərdir.

Prezidentin qeyd etdiyi əsas məsələ o idi ki, Azərbaycan həm də tranzit ölkə olmaq iddiasındadır, bunun olması üçün qonşu dövlətlərlə əlaqələr yüksək səviyyədə olmalıdır, bu dövlətlərin öz maraqları da var. Düzdür, kənardan maneə olanlar da vardır. Xüsusilə Ermənistana aid olan məsələdir ki, kənardan müdaxilələr var idi. Rusiyanın təsiri altında işğalçı dövlət idi, bundan istifadə edib ara qarışdırmaq istəyənlər də çox idi. Yəni demək istəyirəm ki, bu müddət ərzində vəziyyət xeyli yaxşılığa doğru dəyişdi. Tranzit xəttində olmaq həm Azərbaycana, həm Ermənistana, həm də böyük ölkələr qrupuna sərf edir.

Bildiyiniz kimi, Azərbaycan orta dəhlizin mərkəzində yerləşir. Burada bizim üstünlüyümüz ondan ibarətdir ki, dəniz ticarət limanımız var, 15 milyon ton imkanı olan Xəzərin ən iri limanıdır. Bunun da həcminin 25 milyona qədər artırılması nəzərdə tutulur. Bu da iqtisadi inkişaf üçün Çindən başlayıb orta Asiya və Türk Cumhuriyetini keçməklə hər bir dövlətin maraq dairəsindədir.

Azərbaycan və Türkiyə arasındakı münasibətlər barədə verilən suallara Cənab prezidentin cavabları ənənəvidir. Azərbaycan və Türkiyə münasibətləri həm qardaşlıq, həm də müttəfiqlik səviyyəsindədir. Biz Şuşa bəyannaməsini qəbul etmişik. Azərbaycanın Avropa təsisatları ilə münasibətləri məsələsində bilirsiz ki, gərginlik var. Bununla bağlı Avropa Şurası Parlament Assambleyasının və digər qurumların arasındakı gərginlik davam edir. Bu gərginliyin əsas səbəbkarı da Avropa təsisatlarıdır. Çünki onlar hadisələrə obyektiv yanaşmır. Bu baxımdan AŞPA ilə bizim aramızdakı münasibətlərin gərginliyi var. Cənab prezident də bu məsələyə toxundu, adlar sadaladı və bunlar hamısı da gərginliyə xidmət edən məsələlərdir.

Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasındakı münasibətlərin yüksək olduğunu da cənab prezident qeyd edib. Digər ölkələr, İslam Əməkdaşlıq təşkilatında olan ölkələrlə də münasibətləri yüksək qiymətləndirib. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər barədə qeydləri də var.

Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu baxımdan son dövrlər Almaniya və Avstriyaya qaz verilməsi qeyd edilib. Rusiya və Ukrayna münasibətlərində cənab prezident beynəlxalq hüquqa uyğun olaraq işğala qarşı fikirlər bildirib. Hər hansı işğala qarşı Azərbaycan tərəfindən haqq qazandırılmayacağı da bəyan edilib.

Bayaq Amerika Birləşmiş Ştatları ilə münasibətlərə toxunduq. Çünki burada Zəngəzur dəhlizinin açılması ilə bağlı ABŞ prezidenti Trampın mühüm rolu var. Cənab prezident də qeyd etdi ki, Zəngəzur dəhlizinin açılması bölgənin təhlükəsizliyinə xidmət edəcək.

Bundan başqa, müxtəlif ölkələrdə ara qarışdırma meyilləri hiss olunur. Misal üçün, Fransada dağlıq Qarabağın qondarma səfirliyi fəaliyyət göstərir. Fransa ilə bağlı da cənab prezident öz mövqeyini bildirib və Fransada qondarma səfirliyin olması ancaq Fransa ilə Azərbaycanın münasibətlərinin korlanmasına səbəb ola bilər. Bu da heç bir ölkənin marağına uyğun deyil.

Cənab prezident daha sonra Azərbaycanın orta gücə çevrilməsinin səbəblərini açıqlayıb. Bildirib ki, Azərbaycan müstəqil siyasət həyata keçirir, Azərbaycana qarşı böyük təzyiqlər var idi, Azərbaycan işğal edilmişdi və Azərbaycandan işğal ilə barışmaq tələb olunurdu. Azərbaycan xalqı öz haqqı olan torpaqları uğrunda mübarizə apardı və sonda qalib gəldi. Təbii ki, bu misal həm də Ukraynaya aiddir. Azərbaycanın bölgə ölkələri ilə bağlı münasibətləri məsələsində isə cənab prezident bildirib ki, biz bərabərhüquqlu əməkdaşlıq tərəfdarıyıq. Əlaqələrimiz getdikcə genişlənir, Yaponiya ilə ticarət əlaqələri də qeyd olunur. Eyni zamanda Azərbaycanda Çinin çoxlu şirkətlərinin olması qeyd edilir. Həmçinin, bir sıra digər məsələlər var, məsələn, ayrı-ayrı bölgələrdə sülhün bərqərar olmasına, beynəlxalq münasibətlərin daha yaxşı olmasına Afrikadan tutmuş digər ölkələrə qədər Azərbaycanın müsbət rolu, mövqeyi qeyd olunur. Hesab edirəm ki, Şuşada keçirilən bu forumda Azərbaycan prezidentinin çıxışı çox yüksək səviyyədə alınıb”.

BAP Mətbuat Xidməti

Tövsiyə olunanlar

Digər partiya xəbərləri