"Dini alət edərək ölkədə sabitliyi pozmaq istəyirlər" - Elşad Musayev
“44 günlük Vətən müharibəsindən, Xankəndi və ətraf bölgələrdə aparılan antiterror əməliyyatından sonra Azərbaycan bölgədə yeni reallıq yaratdı. Bu reallıq beynəlxalq aləmin diqqət mərkəzinə düşdü. Azərbaycan bu reallıq nəticəsində ölkənin daxilində sabitlik, əmin-amanlıq, təhlükəsizlik mühiti yaratdı və bununla seçilməyə başladı. Təbii ki, ölkəmizin güclü dövlət olmasını istəməyən müəyyən dairələr, müəyyən ölkələr Azərbaycanın daxilindəki bu sabitliyi pozmaq üçün müxtəlif üsullardan istifadə etməyə cəhd göstərdilər. Bu üsullardan biri də din üzərindən həyata keçirilən təxribatlardır”
Bu sözləri Milli Məclisin deputatı Elşad Musayev bapaz.az – ın sorğusuna cavab olaraq bildirib. Deputat qeyd edib ki, Azərbaycan bütün dini konfessiyalara yer verən, imkan verən ölkədir:
“Ölkəmizdə islam dininə inanan əhalimiz daha çoxdur və ona görə də son dövrlərdə ölkəmizdə çoxlu məscidlər təmir olundu, yeni məscidlər tikildi, eybi zamanda, işğaldan azad edilmiş Qarabağ ərazisində də məscidlər tikilib, təmir edilib. Bir sözlə Azərbaycanda istər islam dininə, istər başqa dinlərə inanan insanlara qarşı hər hansı basqıdan, təhdiddir söhbət gedə bilməz. Əksinə, bütün şərait yaradılıb və Azərbaycan multikultural ölkə kimi bütün dünyada qəbul olunur. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan demokratik, dünyəvi ölkədir. Son günlər Azərbaycanda başörtüsü ilə, Nazirlər Kabinetinin 309 nömrəli qərarı ilə bağlı məsələlər var ki, buna görə də ölkənin kənarında olan qüvvələr müəyyən gərginlik yaratmaq üçün ölkənin daxilində təxribat əməlləri törətməyə cəhd göstərdilər. Hesab edirəm ki, bunun da heç bir nəticəsi olmayacaq. Çünki Azərbaycan din sahəsində hər hansı bir məhdudiyyət qoymayıb. O ki, qaldı orta məktəbdə uşaqların geyim formasına, Nazirlər Kabinetinin məlum qərarı var, buna əsasən də bizim övladlarımız mövcud qanunvericiliyə uyğun surətdə məktəbli forması geyiniblər, bu da ilk növbədə onunla bağlıdır ki, səliqəli geyim, uşaqlar arasında bərabərlik yaratmaq nəzərdə tutulur. Həm də dünyəvilik prinsiplərinə əsasən atılan addımdır və bu da bir çox ölkələrin təcrübəsində var. Hamı da buna əməl etməlidir. Bundan sui-istifadə edib təxribatlar törətmək istəyənlər olub, olacaq, hesab edirəm ki, bizim insanlar müdrik insanlardır, bu təxribatlara yol verməyəcəklər.
Biz hüquqi dövlətdə yaşayırıq, hüquqi dövlətin öz prinsipləri var. Qərar qəbul olunana qədər müəyyən məsələlər ilə bağlı müzakirələr açmaq, diskusiyalar aparmaq olar. Ümumi qərar qəbul olundusa, hər həs qanuna əməl etmək məcburiyyətindədir. Hesab edirəm ki, ölkədə qarşıdurma yaratmaq istəyənlər bundan nəticə çıxaracaqlar. Əsasən də onu deyək ki, bu təxribatları törədənlərin arxasında İran dövləti var, İranın müəyyən dairələri var, biz dəfələrlə İranın Azərbaycanın daxili işlərinə müdaxilə etməsi ilə bağlı sərt etirazlar etmişik, yenə də etirazımızı bildiririk. Düşünürəm ki, belə kövrək zamanda heç bir kəs, xüsusilə Azərbaycan vətəndaşları dövlətin onlara göstərdiyi bu mülayim münasibətdən sui-istifadə etməməlidirlər” – deyə millət vəkili bildirib.
BAP Mətbuat Xidməti