Elşad Musayev: "Bu gün Cəbrayılda məktəblər açılır, müəssisələr tikilir"
Bu gün Cəbrayıl rayonunun işğaldan azad olunduğu gündür.
Mövzu ilə bağlı bapaz.az olaraq Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikirlərini öyrəndik. Deputat bildirdi ki, Cəbrayılın azad edilməsi sıradan bir hərbi uğur deyil:
“Məhz bu qələbə ilə xalqımızın inamı daha da sarsılmaz oldu, rəşadətli ordumuzun Zəfər yürüşü sürətləndi və xalqımızın 30 illik yurd həsrətinə son qoyulmasının təməli qoyuldu. Cəbrayıl rayonu I Qarabağ müharibəsində yüzlərlə şəhid vermiş, qəhrəmanlıq dastanı yazmış bir diyardır. Bu gün biz Cəbrayılın azadlığını qeyd edərkən, bu torpaqları canı, qanı bahasına bizə qaytaran, üçrəngli bayrağımızı Xudafərin körpüsündə, Cəbrayılın uca zirvələrində dalğalandıran müqəddəs şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik. Onların qəhrəmanlığı, qazilərimizin fədakarlığı heç vaxt unudulmayacaq və gələcək nəsillər üçün hər zaman vətənpərvərlik məktəbi olacaqdır”.
Deputat əlavə edib ki, Cəbrayıl artıq sadəcə xatirələrimizdəki nisgilli bir yurd deyil:
” Bu gün Cəbrayıl yenidən doğulur, dirçəlir. Artıq 2024-cü il sentyabrın 26-dan etibarən doğma sakinlərin öz yurdlarına köçü başlayıb. Bu gün Cəbrayıl küçələrində uşaq gülüşləri eşidilir, məktəblər yenidən qapılarını açır, yeni evlər və müəssisələr tikilir. 31 illik sükut və dağıntı yerini inkişafa, firavanlığa və həyata buraxıb. Bir daha bütün şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayıram”.
BAP Mətbuat Xidməti