28 May Müstəqillik Günüdür
Əziz həmvətənlər, dəyərli soydaşlar!
28 May – Müstəqillik Günü münasibəti ilə hamınızı təbrik edir, hər birinizə uzun ömür, can sağlığı arzulayıram.
Ötən əsrin əvvəllərində, 1918-ci il mayın 28-də Cümhuriyyət qurucularının böyük fədakarlığı nəticəsində Azərbaycanda Şərqin ilk demokratik dövləti yaradıldı. Bu dövlət cəmi 2 il yaşasa da, ölkəmizin və xalqımızın tarixində böyük iz qoydu, ordu quruculuğu, elm, təhsil, iqtisadiyyat, səhiyyə və mədəniyyətin inkişafı istiqamətində mühüm işlər gördü.
O dövrdə bir çox dövlətlərin onillərlə həyata keçirə bilmədiyi quruculuq işlərini bir dövlətin cəmi iki ilə görə bilməsi məhz Cümhuriyyət banilərinin siyasi uzaqgörənliyindən, idarəçilik səriştəsindən, xalqa, dövlətə bağlılığından və sədaqətindən xəbər verirdi.
Bu gün xalqımız müstəqilliyin daha da möhkəmlənməsi və demokratik idarəçiliyin qurulması uğrunda çalışır. Azərbaycan ordusu bizə miras qalan üçrəngli bayrağımızı Şuşada, Xankəndidə və bütün ölkə ərazisində qürurla dalğalandırır.
Əziz bacılar və qardaşlar!
Bir daha hər birinizi Müstəqillik Günü münasibətilə təbrik edir, şəxsi həyatınızda uğurlar arzulayıram.
Elşad Musayev
Milli Məclisin deputatı