Əsas məzmuna keç
RƏSMİ

Böyük Azərbaycan Partiyasının BƏYANATI

BAP BAP Rəsmi İnformasiya Portalı
Paylaş:
Böyük Azərbaycan Partiyasının BƏYANATI

Bu gün torpaqlarımızın azadlığı, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda başladığımız Vətən müharibəsinin il dönümüdür. 27 Sentyabr ölkəmizdə Anım Günü kimi qeyd olunur.

Tarixi Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti 200 ildən çox davam edib. Ermənilər Azərbaycan ərazisində məskunlaşdıqları dövrdən etibarən xalqımızın toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalıb. Birləşmiş Millətlər Təşkilatı (BMT) həmişə işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirib, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənib. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalıb və icra olunmayıb. 30 il ərzində Ermənistan işğalçı siyasətini davam etdirib, ərazilərimizdə təxribatlar törədib, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açıb, onların rahat yaşamasına imkan verməyib.

2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Qələbəmiz milli iradə, milli ruh, milli ləyaqət təntənəsidir.

Böyük Azərbaycan Partiyası şəhidlərimizin ruhunu hörmətlə anır, bu günü Azərbaycan tarixində əbədi qalacaq qələbə kimi qiymətləndirir, ölkəmizin ərazi bütövlüyü və müstəqilliyimizin qorunması uğrunda partiya olaraq üzərinə düşən bütün vəzifələri yerinə yetirməyə hazır olduğunu bəyan edir!

BAP Mətbuat Xidməti

Tövsiyə olunanlar

Digər partiya xəbərləri