31 Mart- Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı BAP bəyanat yaydı
31 Mart- Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Böyük Azərbaycan Partiyasının bəyanatı:
“1918-ci ilin mart-aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 30 mindən çox azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan öz dədə-baba torpaqlarından didərgin düşmüşdür.
1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən on minlərlə insanı qılıncdan, süngüdən keçirmiş, diri-diri yandırmışlar.
Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmiş, digər ərazilərdə də dinc əhalini xüsusi qəddarlıqla kütləvi surətdə qətlə yetirmiş, şəhər və kəndləri yandırmış, milli mədəniyyət abidələrini məhv etmişlər.
Azərbaycanın ərazisində məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsələr də, öz havadarlarının himayəsi altında inzibatı bölgü yaradılmasına nail olmuşdular. Bununla da azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin əsası qoyulmuşdu.
Uydurma “Böyük Ermənistan” ideyası ilə zəhərlənən ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilmişdir.
Təkcə 1917-ci ilin dekabrından 1918-ci ilin mart ayına qədər Andranikin rəhbərliyi altında erməni qoşun hissələrinin fəal iştirakı ilə 197 kənd dağıdılmış, sakinlərin bir qismi qətlə yetirilmiş, digər bir qismi isə öz doğma ev-eşiklərindən didərgin düşmüşdür.
Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər bu dəfə öz mənfur niyyətlərini bolşevik bayrağı altında reallaşdırmağa çalışıblar. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçılarla mübarizə şüarı altında Bakı quberniyasının azərbaycanlılardan təmizlənməsi planı gerçəkləşdirilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər.
Azərbaycanlılara qarşı törədilən qırgınları dünya ictimaiyyətinə çatdırmaq üçün 1918-ci ilin iyulunda Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Əslində bu azərbaycanlılara qarşı törədilən soyqırımı hadisələrinə hüquqi qiymət vermək çəhdi idi. Komissiya 36 cildlik geniş material hazırlamışdı. Bu materialların ingilis, alman, rus dillərində çap edilərək Qərb dövlətlərinə göndərilməsi nəzərdə tutulmuşdu.
Lakin 1920-ci ilin 28 aprelində Sovet ordusunun Azərbaycanı işğal etməsi və AXC-ni süquta uğratması bu işi axıra çatdırmağa imkan vermədi.
Xalqımızın haqq səsini ucaltmaq, tarixi həqiqəti dünyaya çatdırmaq sahəsində əməli fəaliyyət müstəqilliyimizin ikinci dönəmində yenidən bərpa edilmiş oldu. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı, uzun illər gizli saxlanılan, üzərinə qadağalar qoyulmuş həqiqətlər bir-bir açılaraq dünya ictimaiyyətinə təqdim edilmiş oldu.
Yuxarıda göstərilənləri və hazırda dünyadaki gərgin ictimai-siyasi vəziyyəti nəzərə alaraq Böyük Azərbaycan Partiyası olaraq hesab edirik ki, dövlətimizin və millətimizin tarixində baş verən hadisələrin unudulmaması, onun dünya ictimaiətinə çatdırılması, ölkəmizin ərazi bütövlüyünün, milli birlyin qorunması, dövlətimizin daha da güclənməsi, inkişaf etdirilməsi hakimiyyətin və bütün siyasi partiyaların ümummilli vəzifəsidir və bu yolda dövlətimizin yanında olacağımızı, üzərimizə düşən vəzifələri ən yüksək səviyyədə yerinə yetirəcəyimizi bəyan edirik!
BAP Mətbuat Xidməti.