Böyük Azərbaycan Partiyası

“Aİ regionda bu hərəkətləri ilə sülhə töhfə vermir” – Elşad Musayev

Avropa İttifaqı Şurasının aprelin 21-də Ermənistana “Aİ-nin müdafiə sahəsində ümumi təhlükəsizlik siyasəti çərçivəsində tərəfdaşlıq missiyası” (EUMA) göndərilməsi barədə qərara Azərbaycan Prezidenti İlham Əliyev Şükürbəylidə münasibət bildirib. “Bu gün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanın dırnaqarası müşahidəçiləri guya ki, keşik çəkirlər. Mən o vaxt da demişəm, biz bir dənə güllə atsaq, onların dabanları parlayacaq, heç izi-tozu da qalmayacaq orada. Amma özlərini belə göstərirlər, guya ki, onlar Ermənistanı bizdən qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq. Özünü Ermənistandakı bu tədbirdə yenə də yalançı qəhrəman kimi göstərmək ki, guya onlar Azərbaycanın qabağını alıblar, yoxsa bu aqressiv, təcavüzkar Azərbaycan Ermənistanı məhv edəcəkdi, hamısı cəfəngiyyatdır. Bizim belə niyyətimiz olmayıb, yoxdur və olmayacaq, əgər bizə qarşı yenidən təxribat törədilməsə…”, – deyə Prezident bildirib.

Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı missiyası Aİ Şurasının 2023-cü il 20 fevral tarixli qərarı ilə yaradılıb və fəaliyyətə başlayıb. 30 yanvar 2025-ci ildə Aİ Şurası missiyanın mandatını 2027-ci il fevralın 19-na qədər uzatmaq barədə qərar qəbul edib. Aprelin 21-də isə Aİ ölkələrinin səfirləri Brüsseldə Ermənistana yeni mülki missiyanın göndərilməsi barədə qərar qəbul ediblər. Rəsmi Bakı dəfələrlə vurğulayıb ki, Avropa İttifaqının Ermənistandakı missiyası neytral vasitəçi olmaq əvəzinə, regionda geosiyasi təsir alətinə çevrilib.

Avropa İttifaqının Ermənistandakı mülki missiyası sadəcə bir müşahidəçi heyəti deyil, əslində Qərbin Cənubi Qafqazda destabilizasiya və geosiyasi manipulyasiya üçün yaratdığı alətdir. Rəsmi bəyanatlarda bu missiyanın məqsədinin “sərhəd insidentlərinin qarşısını almaq” olduğu iddia edilsə də, reallıq tam fərqlidir: missiya Ermənistanın siyasi və hərbi maraqlarını dəstəkləmək, Azərbaycana qarşı təzyiq mexanizmi yaratmaq, Rusiya, Türkiyə və İran əleyhinə kəşfiyyat fəaliyyətləri aparmaq üçün istifadə olunur. EUMA öz fəaliyyəti boyunca sərhəd insidentlərinin qarşısını almaq bir yana, əksinə, bölgədəki gərginliyi artıran və sülh prosesini sabotaj edən struktur kimi çıxış edib.

Bu missiya əvvəlcə Ermənistanın şərq və cənub-qərb sərhədlərində fəaliyyət göstərmək üçün nəzərdə tutulmuşdu, lakin “müşahidəçilər” dəfələrlə Azərbaycanla sərhəddən xeyli uzaqda, hətta Rusiya hərbi bazası yerləşən Gümrüdə və Ermənistan-Türkiyə sərhədi boyunca peyda olublar. Bu, Avropa İttifaqının Ermənistan ərazisində apardığı casusluq fəaliyyətlərinin açıq göstəricisidir.

Prezidentin bu xəbərdarlığının arxasında nələr dayanır?

Deputat Elşad Musayevin “Yeni Müsavat”a bildirdiyinə görə, Aİ regionda bu hərəkətləri ilə sülhə töhfə vermir, əksinə, gərginliyi artırır. Onun fikrincə, bu missiyanın yerləşməsində məqsədlərdən biri Rusiyanın olduğu Ermənistanda Qərbin təsirini gücləndirmək olsa da, bunun özü də regiona əlavə gərginlik qazandırır. Deputat hesab edir ki, Aİ Azərbaycanla Ermənistan arasında əldə olunan sülhün pozulmasında maraqlı olmamalıdır: “Çünki onun bölgədəki rəqibi Rusiya bu vəziyyətdən istifadə etməyə çalışacaq. Bu baxımdan, cənab prezidentin sərt xəbərdarlığı yerindədir. Dövlət başçısı demək istəyir ki, hər hansı təxribat olacaqsa, Azərbaycanın cavabı da ağır olacaq. Eyni zamanda prezident açıq surətdə bəyan edir ki, bu missiyanın işi saxtakarlıqdır. Çünki bölgədə hərbi vəziyyət yoxdur. Əgər eskalasiya baş vermirsə, avropalılar nəyi müşahidə edirlər? Ona görə də Qərbin Rusiya ilə bağlı hansı planları varsa, bunu Azərbaycan üzərindən və ya bölgədə sülhü pozan addımlar atmaqla həyata keçirməməlidirlər”.

E.Musayevin sözlərinə görə, Aİ bu addımları ilə Azərbaycanı narazı salır və əməkdaşlığa xələl gətirir: “Ermənistan işğala məruz qalmayıb, ərazisinə bir güllə də düşməyib. Onda sərhədə bu qüvvələr niyə göndərilir? Sanki Ermənistana təhdid var və sıxışdırılır. Halbuki Azərbaycandan Ermənistana neft məhsulları, taxıl, gübrə gedir. Ona görə də Qərbin yaratdığı saxta mənzərə beynəlxalq rəy formalaşdırmağa hesablanıb”.

BAP Mətbuat Xidməti