Böyük Azərbaycan Partiyası

“Cənab Prezidentin bu qərarı növbəti mərhələnin müjdəçisidir” – Elşad Musayev

“Ölkənin siyasi rəhbəri, cənab Prezident də vaxtilə bildirdi ki, quru sərhədlərinin bağlanması ölkənin təhlükəsizliyinin təmin olunması ilə bağlıdır. Müxtəlif quru sərhədlərindən ölkəmizə qarşı təxribatlar gözlənilirdi, ona görə də bu sərhədlər bağlı qaldı. Hazırda isə Azərbaycan hökuməti belə hesab edir ki, tədricən quru sərhədlərini açmaq lazımdır. Gürcüstanla qatar gediş-gəlişi sərhədlərin açılmasında ilk mərhələdir.”

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev Bakı–Tbilisi dəmir yolu vasitəsilə sərnişindaşımanın bərpa olunması haqqında danışarkən deyib.

Deputat qeyd edib ki, bu addım respublikanın gücünün növbəti göstəricisidir:

“Azərbaycana qarşı bir çox istiqamətdən ciddi təhlükələr olmasına baxmayaraq, bu qərar ölkəmizin bir dövlət kimi hər tərəfli qorunmasının göstəricisidir. Azərbaycan hərbi baxımdan kifayət qədər qorunur, müvafiq qurumlarımız bu sahədə çox uğurlu fəaliyyət göstərirlər. Heç şübhəsiz ki, ildən-ilə Azərbaycanın mövqeyi daha da güclənir. Ona görə də düşünürəm ki, sərhədlərin açılması üçün bu, ilk addımdır. Hesab edirəm ki, bundan sonrakı mərhələdə digər quru sərhədlərimizin də açılmasının şahidi olacağıq.”

E. Musayev vurğulayıb ki, bu qərar həm də Azərbaycan iqtisadiyyatı və turizminin inkişafına böyük töhfə verəcək:

“Qeyd etmək yerinə düşər ki, bu addım Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcək. Həm iqtisadiyyatımıza, həm də turizmin inkişafına yaşıl işıq yandırılmış oldu. Eyni zamanda nəzərə alaq ki, Gürcüstanda bizim yarım milyona yaxın soydaşımız yaşayır. Onların da xeyli çətinlikləri var idi, gedib-gəlmək onlara çox baha başa gəlirdi. Bu baxımdan Gürcüstanda yaşayan soydaşlarımız üçün də bu addımın əhəmiyyəti olduqca böyükdür. Hazırda Azərbaycanın quru sərhədlərini açmaq üçün ən çox ehtiyacı olduğu istiqamət məhz Gürcüstan sərhədi idi. Cənab Prezidentin bu qərarı növbəti mərhələnin müjdəçisidir.”