Deputat: “bu problemin kökündə ilk növbədə iqtisadi və sosial amillər dayanır”
Azərbaycanda son illərdə uşaq sayı sürətlə azalır. Əvvəllər il ərzində təxminən 180 min uşaq doğulurdusa, indi bu rəqəm 60 minə qədər düşüb. Yəni təbii artım demək olar ki, 3 dəfə azalıb. Bu dəyişiklik artıq adi hal deyil və diqqətçəkən bir vəziyyətə çevrilib.
Uşaq sayının azalması gələcəkdə həm əhalinin, həm də işləyən insanların sayına təsir edə bilər.
Azərbaycanda təbii artımın azalması ciddi demoqrafik problem yarada bilərmi?
Mövzu ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev mətbuata danışıb.
Deputat deyib ki, dünya təcrübəsinə baxdıqda görürük ki, müxtəlif ölkələrdə, xüsusilə də Avropa ölkələrində uşaqların sayının azalması müşahidə olunur:
“Lakin onların problemi ilə Azərbaycanın vəziyyəti eyni deyil, fərqlidir. Biz uzun illər ərzində gənc nəslin artımı baxımından Avropa ölkələrindən öndə olmuşuq. Bu, ölkənin demoqrafik üstünlüklərindən biri kimi qiymətləndirilib. Amma son dövrlərdə vəziyyət dəyişməkdədir: həm doğulan uşaqların sayı azalır, həm də boşanmaların sayı artır. Artıq statistik olaraq demək olar ki, hər iki evlilikdən biri boşanma ilə nəticələnir. Bu isə cəmiyyət üçün ciddi həyəcan doğuran məqamdır. Məhz buna görə hesab edirəm ki, bu məsələyə vaxtında və kompleks şəkildə yanaşmaq vacibdir. Təbii ki, dövlətin müvafiq qurumları bu prosesi nəzarətdə saxlayır, mütəmadi olaraq analiz və təhlillər aparılır. Lakin bütün hallarda biz bu vəziyyəti bir “həyəcan siqnalı” kimi qəbul etməliyik və uşaqların sayının artırılması istiqamətində konkret addımlar atmalıyıq”.
Millət vəkilinin fikrincə, bu problemin kökündə ilk növbədə iqtisadi və sosial amillər dayanır:
“Ailələrin maddi vəziyyəti, sosial təminat məsələləri, həyat şəraiti kimi faktorlar birbaşa doğum qərarına təsir edir. Digər tərəfdən, cəmiyyətdə artıq “2 uşaq kifayətdir” kimi bir düşüncə formalaşıb və bu da çoxuşaqlı ailə modelinin zəifləməsinə gətirib çıxarır. Məhz buna görə çoxuşaqlı ailə anlayışına yenidən baxılmasına ehtiyac var. Hesab olunur ki, 5 uşaq meyarı 3 uşağa endirilməli və 3 uşaqdan başlayaraq ailələr çoxuşaqlı kimi qəbul edilməlidir. Bu, həm sosial dəstək mexanizmlərinin genişləndirilməsinə, həm də ailələrin stimullaşdırılmasına xidmət edə bilər. Ölkədə uşaqlara verilən müxtəlif müavinət növləri mövcuddur, lakin bütün hallarda bu sahədə stimullaşdırıcı tədbirlərin gücləndirilməsi vacibdir.
Unutmaq olmaz ki, doğum səviyyəsi təkcə sosial məsələ deyil, həm də ölkənin iqtisadi potensialının əsas göstəricilərindən biridir. Əhali artımı əmək bazarının, istehsalın və ümumi inkişafın mühüm amillərindən sayılır. Bu baxımdan hesab edirəm ki, dövlətin müvafiq orqanları yaxın gələcəkdə bu istiqamətdə daha sistemli və təsirli addımlar atacaq”.
BAP Mətbuat Xidməti