Deputat: “Sağlam psixoloji iş mühiti ümumi iş keyfiyyətini artırır”
Böyük Azərbaycan Partiyasının (BAP) sədri, Milli Məclisin deputatı Elşad Musayev Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş “İş yerlərində psixososial risklərin idarə olunması: müasir yanaşmalar və həll yolları” mövzusunda keçirilən konfransda çıxış edib. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin inzibati binasında baş tutan tədbirdə bir çox məsələlərdən danışıb, qeyd edib ki, vətəndaşların sosial rifahı digər faktorlarla yanaşı, onun təhlükəsiz əmək hüququnun təmin olunmasından və sağlamlığının qorunmasından birbaşa asılıdır:
“Azərbaycan qanunvericiliyində əməyin təhlükəsizliyi konstitusion hüquq kimi tanınır, bu hüquq Əmək Məcəlləsi və digər qanunvericilik sənədləri ilə sistemli şəkildə tənzimlənir.
Bu gün dünyada və ölkəmizdə baş verən iqtisadi və texnoloji trendlər yeni çağırışlar yaradır. Yeni istehsal sahələri, yeni texnologiyalar və qeyri-standart əmək münasibətləri əməyin mühafizəsi sahəsində daha çevik və sistemli yanaşma tələb edir. Əmək şəraitinin yaxşılaşdırılması, risklərin vaxtında aşkar edilməsi və aradan qaldırılması, iş yerlərində sağlam psixoloji mühitin yaradılması istiqamətində Dövlət Əmək Müfəttişliyi, həmkarlar ittifaqları və işəgötürənlər arasında konstruktiv əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır”.
Geniş və təhlilli çıxış edən millət vəkili onu da qeyd edib ki, sağlam psixoloji iş mühiti – iş yerlərində əməkdaşların özlərini təhlükəsiz, dəyərli, hörmət olunan və dəstəklənən hiss etdikləri mühitdir:
“Sağlam iş mühitində insanlar stress və qorxu altında deyil, motivasiya və inamla çalışırlar. Burada qarşılıqlı hörmət, açıq ünsiyyət, ədalətli münasibət və əməkdaşlıq əsas prinsiplər kimi çıxış edir. Həmçinin, belə bir mühit işçinin psixoloji rifahını qorumaqla yanaşı, həm də kollektivdə məhsuldarlığı və ümumi iş keyfiyyətini artırır”.
BAP Mətbuat Xidməti