Distant işlə bağlı qanunvericilikdə dəyişiklik ola bilərmi?
Pandemiyadan sonra dünyada sürətlə yayılan distant iş modeli Azərbaycanda da qanunvericilikdə tanınsa da, bu format üzrə daha detallı qaydaların yaradılmasına ehtiyac olub-olmaması müzakirə mövzusu olaraq qalır. Xüsusilə iş saatlarının tənzimlənməsi, texniki təminat, məlumat təhlükəsizliyi və işçi hüquqlarının qorunması məsələləri yeni əmək münasibətləri fonunda aktuallaşıb.
Məsələ ilə bağlı mətbuata açıqlama verən Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev bildirib ki, distant iş modeli xüsusilə pandemiyadan sonra daha açıq şəkildə gündəmə gəlib:
“Pandemiyadan sonra bir çox müəssisələr distant iş üsulundan istifadə etməyə başladı. Hətta mövcud qanunvericilik tam formalaşmasa da, reallıq bunu tələb edirdi. Dünyada gördük ki, iri ofislər saxlayan şirkətlər daha kiçik məkanlara keçməyə başladı. Bu həm iqtisadi baxımdan sərfəli idi, həm də işin təşkilində yeni yanaşma yaratdı”.
Deputat qeyd edib ki, Azərbaycanda da bir sıra müəssisələr artıq bu modeldən istifadə edir və sistem müəyyən effektivlik nümayiş etdirib:
“Bu modeldə işçi daim ofisdə olmur, elektron vasitələrlə işləyir, hesabatları hazırlayır və iş prosesini məsafədən idarə edir. Amma burada həllini gözləyən suallar da var. Məsələn, iş vaxtının uçotu necə aparılacaq? Əməyin mühafizəsi necə təmin ediləcək? İşçi evdə işləyirsə, avadanlıq xərclərini kim qarşılayacaq?”
Elşad Musayevin sözlərinə görə, məlumat təhlükəsizliyi və şəxsi həyatın toxunulmazlığı kimi məsələlər də ayrıca diqqət tələb edir:
“Şirkət məlumatlarının qorunması, şəxsi həyatın toxunulmazlığı və digər hüquqi məsələlər müxtəlif ölkələrdə artıq tənzimlənib. Avropa ölkələrində hətta iş saatından sonra işçiyə yazılan mesajlara cavab verməmək hüququ ayrıca norma kimi qəbul olunub”.
Deputat hesab edir ki, Azərbaycan qanunvericiliyində də distant işlə bağlı müəyyən dəqiqləşdirmələrə ehtiyac var:
“Bizdə uzaqdan işləmə qadağan deyil və müəyyən normalar mövcuddur. Amma bir sıra məsələlər var ki, onları daha dəqiq tənzimləmək lazımdır. Hesab edirəm ki, zamanla distant işlə bağlı qanunvericilikdə əlavələr və dəqiqləşdirmələr olacaq”.
BAP Mətbuat Xidməti