Böyük Azərbaycan Partiyası

Elşad Musayev: “Azərbaycan və Çexiya etibarlı tərəfdaşlardır”

Prezident İlham Əliyev aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişi qəbul edib. Bakıda baş tutan görüşdə həm ikitərəfli, həm regional, həm də daha böyük xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bapaz.az olaraq mövzu ilə bağlı Milli Məclisin deputatı Elşad Musayevin fikirlərini öyrəndik. Deputat bildirdi ki, Azərbaycan Prezidenti ilə Çex Respublikasının Baş naziri arasında belə bir məhsuldar görüşün olması və bir çox məsələlər haqqında fikir mübadiləsi aparılması hər iki ölkənin nə qədər etibarlı tərəfdaş olduğunu göstərir:

“Bu görüş iki ölkə arasındakı əlaqələrin dinamik inkişafından xəbər verir. Çexiyadan Azərbaycana böyük qrup iş adamları gəlib, keçirilmiş biznes-forumda yeni təmaslar qurulub, mövcud layihələrlə bağlı fikir mübadiləsi aparılıb. İnanıram ki, iki ölkə arasındakı ticarət dövriyyəsi daha yüksək səviyyəyə qalxacaq. Çünki uzun illərdir ki, Çexiya və Azərbaycan etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyanın enerji balansında önəmli yer tutur. Həmçinin, ölkələrimizin müdafiə sənayesi ilə bağlı əməkdaşlığı getdikcə genişlənir. Bu da hər iki ölkənin önəmli tərəfdaş olduğunu göstərir” – deyə millət vəkili qeyd edib.