Böyük Azərbaycan Partiyası

Elşad Musayev: “Kişi və qadın arasında əmək hüquqları baxımından fərq qoymaq qadağandır”

Prezident İlham Əliyev bu gün Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanunda dəyişikliyi imzalayıb.

Dəyişikliyə əsasən, işəgötürən eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqının verilməsini təmin etməli olacaq.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, deputat Elşad Musayev bildirib ki, bu məsələ Azərbaycan əmək qanunvericiliyində artıq əvvəlcədən öz əksini tapıb:

“Əmək Məcəlləsinin 16-cı maddəsində əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi açıq şəkildə təsbit olunub. Yəni kişi və qadınlar arasında əmək hüquqları baxımından hər hansı fərq qoyulması qanunla qadağandır.

Eyni zamanda, Azərbaycan Beynəlxalq Əmək Təşkilatı-nın konvensiyalarına qoşulub və bu çərçivədə gender bərabərliyi, o cümlədən əmək münasibətlərində bərabər imkanların təmin olunması istiqamətində müəyyən öhdəliklər götürüb. Bu konvensiyalar da eyni işi görən kişi və qadınların bərabər əməkhaqqı almasını əsas prinsip kimi müəyyən edir.

Praktikaya gəldikdə isə, müxtəlif ölkələrdə orta aylıq əməkhaqqı səviyyələri fərqlidir. Azərbaycanda qadınların orta aylıq əməkhaqqı kişilərlə müqayisədə təxminən 60–70 faiz təşkil edir. Bu isə təxminən 28–32 faiz fərq deməkdir. Dünya üzrə bu fərq orta hesabla 20 faiz civarındadır, Skandinaviya ölkələrində isə təxminən 10 faiz səviyyəsindədir.

Bu baxımdan, Azərbaycan bəzi göstəricilərdə dünya ortalamasından geri qalmır, bəzi hallarda isə müəyyən ölkələri qabaqlayır. İnkişaf etmiş ölkələrdə belə bu fərq adətən 20–25 faiz civarında dəyişir.

Nəticə etibarilə, eyni işi görən kişi və qadınların eyni əməkhaqqı alması prinsipi artıq həm milli qanunvericilikdə, həm də beynəlxalq öhdəliklərdə təsbit olunub. Son dəyişikliklər isə daha çox bu mexanizmlərin gücləndirilməsinə və tətbiqinin təkmilləşdirilməsinə xidmət edir”.

BAP Mətbuat Xidməti