Böyük Azərbaycan Partiyası

Elşad Musayev: “Prezidentin Gürcüstan səfəri önəmli siyasi hadisədir”

“Prezident İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasındakı əlaqələrə yeni təkan verəcək. Əsrlər boyu gürcü və Azərbaycan xalqları dostluq, qardaşlıq şəraitində yaşamışlar və bu gün bu ənənələr davam etdirilir. Xalqlarımız bir-birinin ərazi bütövlüyünü, suverənliyini, sərhədlərimizin toxunulmazlığını həmişə dəstəkləmiş, bu gün də dəstəkləyir”

Bu sözləri Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.

Deputat bildirib ki, Gürcüstanda mövcud olan çox müsbət sərmayə iqlimi Azərbaycan investorlarını da həvəsləndirir və bu günə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulmuşdur: “Bu gün Azərbaycanla Ermənistan arasında ticarət də Gürcüstan vasitəsilə həyata keçirilir. Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Ancaq bu ixrac yenə də Gürcüstandan başlayır və Gürcüstan burada birinci ölkədir. Həm Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir. Bütün bu infrastruktur göz önündədir və artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi də ondan sonra icra edilmişdir və bu gün bu infrastruktur, əslində, böyük coğrafiya üçün mühüm əhəmiyyət daşıyır” – deyə millət vəkili bildirib.

BAP Mətbuat Xidməti