Elşad Musayev: “Ümumilikdə favorit Paşinyan və onun partiyasıdır”
Ermənistanda iyunun 7-nə nəzərdə tutulan parlament seçkiləri ərəfəsi keçirilən sosioloji rəy sorğuları maraqlı mənzərəni ortaya qoymaqdadır.
Məsələn, ABŞ-nin Beynəlxalq Respublikaçılar İnstitutu (İRİ) tərəfindən ölkədə aparılan sorğuya qatılmış respondentlərin əksəriyyəti ölkənin düzgün istiqamətdə irəlilədiyinə inandığını deyib. Yerli medianın məlumatına görə, “Ermənistan düzgün, yoxsa səhv istiqamətdə irəliləyir” sualına rəyi soruşulanların 61 faizi düzgün istiqamətdə irəlilədiyini, 28 faizi isə səhv istiqamətdə getdiyinə inandığını deyib. 11 faiz cavab verməkdə çətinlik çəkib.
Şübhəsiz, bu, ilk növbədə Rusiya üçün pis nəticədir. Çünki Baş nazir Nikol Paşinyanın xarici siyasət kursu bəllidir: bu, Rusiyayönlü kurs sayılmaz. Belə çıxır, Moskvanın iqtisadi xarakterli təzyiqləri də erməni əhalini qorxutmayıb.
Odur ki, sual yaranır: bu o anlama gəlirmi ki, qarşıdakı seçkilərdə hakim partiya rahatca 50+1 faizlə qalib gəlib hökuməti yenə təkbaşına formalaşdıracaq və ardınca ölkədə konstitusiya dəyişikliyi də reallaşmaqla, nəhayət, Azərbaycanla sülh müqaviləsi imzalanacaq?
Deputat Elşad Musayevin sözlərinə görə, seçkilər ərəfəsində müxtəlif sorğular keçirilir və fərqli nəticələr açıqlanır. Ötən həftə “Gallup”un keçirdiyi sorğunun nəticələrini də yada salan deputat hesab edir ki, ümumilikdə favorit Paşinyan və onun partiyasıdır: “Bu sorğu isə erməni cəmiyyətinin əhvalını ifadə edir. 44 günlük müharibədən sonra ermənilər Rusiyaya nifrət etməyə başlayıblar. Onlar bu döyüşlərdə də rusların hərbi müdaxiləsinə bel bağlamışdı. Ona görə sorğunun nəticələrini ermənilərin Rusiyadan uzaqlaşmaq istəyinin təzahürü kimi qiymətləndirmək lazımdır. Əgər sorğu obyektiv keçirilibsə, çünki əsasən belə sorğular subyektiv olur – onda ermənilərin hansı istiqaməti seçdiyi göz qabağındadır”.
E.Musayevin fikrincə, ermənilər Paşinyanla yola davam etmək istəyir və bu da Moskvanı qəzəbləndirir: “Baş nazir dedi ki, iki ilə Avropa İttifaqı ilə viza rejimi ləğv olunacaq. Bu, ermənilər üçün böyük bazarın, iş yerinin açılmasıdır. Regionda gürcülərdən sonra ermənilər üçün bu prosesə start verilib. Məqsəd Rusiyanın bölgədə təsirlərini azalda bilməkdir. O səbəbdən də Volodin, Medvedev, Zaxarova və başqaları Paşinyanı təhqir edir, qəzəbli reaksiyalar verirlər. Yəni 7 iyun seçkiləri gərgin, sonrası toqquşmalarla yadda qala bilər. Amma Paşinyan məhz bu sorğunun nəticələrinə adekvat şəkildə siyasətini davam etdirəcək”.