Böyük Azərbaycan Partiyası

Elşad Musayev Zelenskinin Bakıya səfərindən danışdı: “Dostluq əlaqələrinin inkişafına töhfədir”

Bu gün Prezident İlham Əliyev Ukraynanın prezidenti Volodimir Zelenski ilə görüşüb. Bakıda baş tutan görüşdə iqtisadi, siyasi və hərbi-texniki əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Elşad Musayev Bapaz.az-ın sorğusuna cavab olaraq bildirib ki, Zelenskinin Bakıya səfəri Azərbaycan – Ukrayna dostluq münasibətlərini daha da gücləndirir:

“2008-ci ildən bəri Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlığa dair bir neçə siyasi sənəd imzalanıb. Bu sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverənliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapıb. Bu gün də həm Azərbaycanda, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir, sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var. Son illər prezidentlərin tez-tez görüşü də gözəl göstəricidir və bu, iki ölkə arasındakı əlaqələrin nə qədər dinamik olmasından xəbər verir. İnanıram ki, Zelenskinin Bakıya növbəti səfəri dostluq əlaqələrinin daha da inkişaf etməsinə töhfə olacaqdır” – deyə millət vəkili bildirib.

BAP Mətbuat Xidməti