Deputat: "Prezident ölkəmiz üçün önəmli məsələlərə toxunub"
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxış edib. Cənab prezident çıxışı zamanı bir sıra məsələlərə toxunub. Mövzu ilə bağlı Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bapaz.az – ın sorğusunu cavablandırıb. Deputat qeyd edib ki, sabit iqtisadiyyat, müstəqil maliyyə və iqtisadi sistem olmasaydı, bu gün gələcəkdən danışmaq çətin olardı:
“Uzunmüddətli və dayanıqlı artıma nail olmaq üçün neft-qaz sektorundan kənar sahələrdə olan potensialımızdan istifadə etmək yaxşı haldır. Cənab prezidentin də qeyd etdiyi kimi, biz iqtisadi inkişafın ümumi tendensiyasına uyğunlaşmalıyıq. Hədəfimiz elektirik enerjisi istehsal etmək üçün təbii qaz istehlakını minimuma endirmək və həmin ehtiyatdan ixrac məqsədi ilə istifadə etmək olmalıdır. Qarşıdakı beş il ərzində Azərbaycanın hər yerində bərpaolunan enerji mənbələrinin olası əhəmiyyətli hadisə kimi qiymətləndirilə bilər. Bütün bu görülən və görüləcək işlər ölkəmiz üçün önəmli hadisələrdir”.
Prezidentin çıxışı zamanı ölkə üçün böyük əhəmiyyət kəsb edən məsələlərə toxunduğunu bildirən deputat qeyd edib ki, biz ölkə olaraq dəmir yollarına, dəniz limanlarına, hava yolu ilə yükdaşımalara və avtomobil yollarına böyük həcmdə investisiya yatırmışıq:
“Cənab prezident çıxışı zamanı dediyi kimi, bizim dəmir yollarının artıq 60 faizi elektirikləşdirilib və bu proses davam edir. Bütün qonşularla, həmçinin ölkə daxilində dəmir yolu əlaqələrimiz mövcuddur. Bu gün biz istər Şərq-qərb, istərsə də Şimal-cənub istiqamətlərində Azərbaycan vasitəsi ilə həyata keçirilən daşımalara təlabatın artdığını müşahidə edirik. Prezidentin qeyd etdiyi kimi, 2030-cu ilə kimi bu daşımalar təxminən iki dəfə artacaq. Bu məqsədlə biz qonşularımız ilə fəal əməkdaşlıq prosesini davam etdirməliyik”.
BAP Mətbuat Xidməti