Əsas məzmuna keç
SİYASƏT

"TDT təhlükəsizlik orqanlarının Bakı görüşü tarixi əhəmiyyət kəsb edir" - Deputat

BAP BAP Rəsmi İnformasiya Portalı
Paylaş:
"TDT təhlükəsizlik orqanlarının Bakı görüşü tarixi əhəmiyyət kəsb edir" - Deputat

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdə geniş çıxış edib. Ölkə başçısının bu çıxışı ilə bağlı bapaz.az olaraq Milli Məclisin deputatı Elşad Musayevin fikirlərini öyrəndik. Millət vəkili bildirdi ki, prezidentin bu çıxışı qlobal siyasi böhranlar fonunda Türk dünyasının vahid güc mərkəzinə çevrilməsi strategiyasına əsaslanır:

“Bu gün təhlükəsizlik tədbirləri artıq sadəcə konvensional (ənənəvi) deyil. İnformasiya müharibələri, kiberhücumlar və daxili sabitliyi pozmağa yönəlmiş xarici manipulyasiyalar fonunda TDT təhlükəsizlik orqanlarının Bakı görüşü tarixi əhəmiyyət kəsb edir. Cənab Prezidentin qeyd etdiyi kimi, beynəlxalq hüquq artıq böyük dövlətlərin əlində bir alətə çevrilib. Qərbin Azərbaycana qarşı 30 il ərzində tətbiq etdiyi ikili standartlar parlamentarilər tərəfindən beynəlxalq kürsülərdə (AŞPA, ATƏT PA və s.) hüquqi ədalətsizlik nümunəsi kimi təqdim olunmalıdır. Azərbaycanın moderatorluq etdiyi Orta Dəhliz və Şərq-Qərb nəqliyyat marşrutlarının təhlükəsizliyi birbaşa olaraq TDT məkanının sabitliyindən asılıdır. Sabitlik yoxdursa, iqtisadi inkişaf da ola bilməz”.

Deputat əlavə etdi ki, ölkə başçısının qeyd etdiyi kimi, biz həm dünya iqtisadiyyatını enerji resursları ilə təchiz edən ölkəyik, həm də Mərkəzi Asiya ölkələrindən Xəzər vasitəsilə enerji resurslarının daha sonra beynəlxalq bazarlara tranzitini həyata keçiririk:

“Türk dünyası bizim ailəmizdir. Mənəvi birlik, mədəniyyətlərin və dillərin oxşarlığı, ümumi etnik köklər – bütün bunlar təşkilatımızı möhkəmləndirir. Ölkələrimizin ərazilərində sabitlik, sülh və təhlükəsizlik hökm sürür. Azərbaycanın xarici siyasət strategiyasında Türk dünyası ilə əlaqələr bir nömrəli prioritetdir. TDT-nin nəhəng coğrafi, iqtisadi və demoqrafik potensialı yaxın gələcəkdə bu təsisatın qlobal miqyasda qərarlara təsir edən aparıcı beynəlxalq instituta çevrilməsinə tam imkan verir. Düşünürəm ki, Türk dövlətləri arasında təhlükəsizlik sahəsində hüquqi bazanın sinxronlaşdırılması istiqamətində parlament səviyyəsində işlər intensivləşdiriləcək”.

Sonda deputat vurğuladı ki, Bakı görüşü Türk dünyasının sadəcə mədəni yox, həm də qüdrətli hərbi-strateji və təhlükəsizlik ittifaqına çevrildiyinin növbəti nümayişidir.

BAP Mətbuat Xidməti

 

Tövsiyə olunanlar

Digər partiya xəbərləri